Kəngərli rayonunda taxıl biçini uğurla davam etdirilir
Kəngərli, 19 iyun, AZƏRTAC
Muxtar respublikanın Kəngərli rayonda taxıl biçininə başlanılıb. Taxılın optimal müddətdə və gecikdirmədən biçilib-döyülməsi və daşınması üçün əvvəlcədən bütün tədbirlər görülüb. Zəmilərə çıxarılan 18 kombayn və kifayət qədər taxıldaşıyan maşının gücündən səmərəli istifadə olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iyunun 18-ə olan məlumata görə, 698 hektar sahənin taxılı biçilib, hər hektardan orta hesabla 21,1 sentner, ümumilikdə, 1474 ton məhsul əldə edilib. Hazırda rayonun Qıvraq qəsəbə, Böyükdüz, Xok, Yeni Kərki, Xıncab, Yurdçu, Qabıllı və Şahtaxtı kəndlərində biçin sürətlə aparılır.
Taxıl yığımının optimal müddətdə və itkisiz başa çatdırılması üçün rayonda əvvəlcədən bütün hazırlıq tədbirləri görülüb. Bu məqsədlə rayon icra hakimiyyətində xüsusi qərargah yaradılıb və bu qərargah biçinin gedişini gündəlik nəzarətdə saxlayır. Kənd əməkçilərinə və fermerlərə hərtərəfli köməklik göstərilir. Biçinin optimal müddətdə keçirilməsi və məhsulun itkisiz toplanması üçün kifayət qədər kombayn vardır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kəngərli Rayon Bazasının kombaynları, eləcə də məhsulun sahələrdən daşınması, küləşin kiplənib götürülməsi üçün nəzərdə tutulan texnikalar baxışdan keçirilib, zəruri ehtiyac duyulan maşın və mexanizmlər təmir olunaraq saz hala gətirilib, kifayət qədər ehtiyat hissə və yanacaq tədarükü görülüb.
Qeyd edək ki, cari ilin məhsulu üçün rayonda 3 min 250 hektar sahədə payızlıq buğda, 2 min 597 hektarda isə payızlıq arpa, bu ilin yazında isə 58 hektarda yazlıq arpa əkilib. Beləliklə, 2020-ci ildə biçin keçiriləcək taxıl zəmiləri 5 min 905 hektara çatdırılıb. Bu isə cari ildə buğda və arpa istehsalının ötən ildəkindən daha çox olacağına zəmanət verir. Ötən dövrdə taxıl əkilən sahələr əvvəlcədən mineral və üzvi gübrələrlə zənginləşdirilib, becərmə tədbirləri və suvarma vaxtlı-vaxtında aparılıb, nəticədə sahələrdə bol məhsul yetişdirilib.