İQTİSADİYYAT
“Kibertəhlükəsizlik trendləri” seminarında 130-dək gənc iştirak edib
Bakı, 17 oktyabr, AZƏRTAC
“Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” çərçivəsində “Kibertəhlükəsizlik trendləri” (“Cybersecurity Trends”) adlı seminar keçirilib. Maarifləndirmə ayının təşkilatçısı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır (AKTA).
AZƏRTAC xəbər verir ki, AKTA-nın ekspertlərinin çıxışları və təqdimatları ilə keçirilən seminarda 80 nəfər fiziki, 50-dək şəxs isə onlayn şəkildə iştirak edib. Seminar AKTA-nın üzv şirkəti olan Kod Akademiyasında keçirilib.
Seminarda kibertəhlükəsizliyin fərqli istiqamətləri üzrə maraqlı, trend mövzular əhatə edilib. Seminarın açılışında AKTA İdarə Heyətinin sədr müavini Rauf Cabarov Assosiasiyanın fəaliyyəti, ekspert bankı və kibericma barədə qısa məlumat verib. Daha sonra Rauf Cabarov “Cybersecurity Trend Management Practices and Standards”, AKTA-nın eksperti, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri Abid Ələsgərov “Navigating the Future: Unveiling the Power of Zero Trust and SASE Solutions”, AKTA eksperti, “ExpressBank” ASC-nin İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri Emil Fərzəliyev “Cybersecurity Automation: The Power of Machine Speed”, “İnterprobe” şirkətinin kriptoqrafiya üzrə köməkçi eksperti Elşad Xanışlı “AI-Driven Password Prediction: A Growing Cybersecurity Concern” mövzularda təqdimatlar edilib.
Sonda gənclərin çoxsaylı sualları cavablandırılıb. Seminar iştirakçıları tədbiri yüksək qiymətləndirib.
Qeyd edək ki, kibertəhlükəsizlik üzrə maarifləndirici seminarlar AKTA tərəfindən mütəmadi olaraq keçirilir. Bu seminarlarda AKTA ekspertləri öz çıxışları ilə aktiv iştirak edirlər. AKTA ekspertlərinin sayı artıq 46-ya çatıb. Ekspertlər barədə məlumatları AKTA saytında yerləşən ekspert bankından əldə edə bilərsiniz.