Kimyaçılar 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər
Sumqayıt, 19 yanvar, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin akt zalında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi mərasimdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının nəhəng hərb maşını milli azadlıq mübarizəsini boğmaq üçün bir neçə istiqamətdən Bakıya yeridilib, yüzlərlə insan qətlə yetirilib.
Anım mərasimində çıxış edən “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qeyd edib ki, 20 Yanvar faciəsi torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq salnaməsidir. Natiq Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş soydaşlarımızın ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, bu igid vətən oğullarının xatirəsinin qəlbimizdə daim yaşayacağını deyib.
Mərasimdə 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş olunub.