KİPRDƏ TÜRK VƏ YUNAN İCMALARI LİDERLƏRİNİN DANIŞIQLARI BAŞLAMIŞDIR
Nikosiya şəhərində keçirilən danışıqlar prosesində BMT-nin Baş katibi Kofi Annanın tərəflərə təqdim etdiyi plan müzakirə olunur. Hər iki tərəfin plana müəyyən iradları vardır. Türk tərəfi, ilk növbədə, Kipr türklərinin tanınmasını tələb edir, adanın hər iki tərəfinin eynihüquqlu statusa malik olmasını irəli sürür. Türk tərəfini narahat edən ikinci cəhət isə adada yerləşən Türkiyə hərbi kontingentinin çıxarılmasından sonra yaranacaq təhlükəsizliyin təmini məsələsidir. Kipr türkləri planda yer alan şimal və cənub arasındakı sərhəd xəttinin də xeyli girintili-çıxıntılı olmasından narazıdır və bu xəttin daha düzgün çəkilməsini istəyirlər. Hələ də, Kipr yunanlarının şimalda yerləşməsi, köçəcək vətəndaşların sayı, onların türk tərəfində mal-mülk almaq haqları barədə razılıq əldə olunmamışdır. Nikosiyada başlayan danışıqlar zamanı məhz bu məsələlər müzakirəyə çıxarılmışdır. Danışıqlar zamanı birləşmiş adanın bayrağı və himni haqqında da təkliflər veriləcəkdir. Tərəflər razılığa gəlmədiyi halda, Türkiyə və Yunanıstan da danışıqlar prosesinə qatılacaqdır. Danışıqlar prosesində hakim mövqedən çıxış edən və nəticə alındığı zaman BMT Baş katibinin planı hər iki tərəfdə referenduma çıxarılacaqdır.
Türk tərəfini düşündürən əsas məsələ mayın 1-də Kiprin Avropa Birliyinə üzv qəbul edılməsi barədə qərardır. Türkiyə yunan tərəfinin danışıqlar prosesini uzatmağa çalışacağından narahatdır. Lakin BMT-nin Baş katibi müzakirələrin bu tarixə qədər başa çatacağını tələb edir. Əks halda, BMT tərəfindən Kiprin şimalında tətbiq olunan embarqoların ləğvi və Şimali Kipr Türk Respublikasının tanınması məsələsi gündəliyə gələ bilər.