Kir Starmer parlamenti yanlış məlumatlandırdığını etiraf edib
London, 20 aprel, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-yə səfir təyinatı ilə bağlı yaranmış qalmaqal fonunda parlamenti qeyri-ixtiyari şəkildə yanlış məlumatlandırdığını etiraf edib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Baş nazir daha əvvəl dəfələrlə deputatlara ABŞ-yə səfir təyin olunan Piter Mandelsonun yoxlanılması prosesinin bütün qaydalara uyğun aparıldığını bildirmişdi. Lakin Dauninq Stritdə keçirilən brifinqdə qeyd olunub ki, parlamentə bu prosesin nəticəsində Mandelsonun təyin olunmaması ilə bağlı tövsiyə verildiyi barədə məlumat verilməli idi. Bununla belə, Baş nazirin Piter Mandelsonun təhlükəsizlik yoxlamasından keçə bilmədiyi barədə məlumatlı olmadığı vurğulanıb.
Məlumata görə, Kir Starmerə Mandelsonun təyinatından əvvəl təhlükəsizlik yoxlamalarının nəticələrini gözləmək tövsiyə olunmuşdu. Buna baxmayaraq, o, dekabr ayında Vaşinqtondakı səfir vəzifəsinə namizəd kimi elan edilib və yoxlama prosesi bundan sonra aparılıb.
Baş nazirin bu gün parlamentin İcmalar Palatasında bu məsələ ilə bağlı çıxış edəcəyi və hadisə barədə əlavə açıqlamalar verəcəyi gözlənilir. Qalmaqal fonunda Kir Starmerə qarşı istefa çağırışları güclənib.