Kişineuda Milli Qurtuluş Günü münasibətilə təntənəli qəbul keçirilib
Kişineu, 16 iyun, AZƏRTAC
İyunun 15-də Azərbaycanın Moldovadakı səfirliyi Milli Qurtuluş Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Azərbaycanın Moldovadakı diplomatik nümayəndəliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsi ehtiramla yad edilib. Səfirliyin əməkdaşları, Moldova Azərbaycanlıları Konqresinin (MAK) rəhbərliyi və fəalları diplomatik nümayəndəliyin hollunda ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüblər.
Sonra Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev tədbirə toplaşanlara müraciətlə nitq söyləyib. Onun çıxışının ana xəttini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliyi, onun bir dövlət xadimi və dünya miqyaslı siyasətçi kimi zəngin təcrübəsi, öz xalqına sonsuz sevgisi və millətimizin öz Ulu Öndərinə rəğbəti barədə fikirlər təşkil edib.
Diplomatın qeyd etdiyi kimi, Azərbaycanda Milli Qurtuluş Gününün qeyd edilməsi onunla bağlıdır ki, məhz 1993-cü il iyunun 15-də, vətənimizin ən yeni tarixində ən faciəli günlərdə Heydər Əliyev xalqın israrlı dəvətini qəbul edərək ölkə rəhbərliyinə qayıtdı, Azərbaycanı hərc-mərclikdən və parçalanma təhlükəsindən xilas etdi. Səfir xatırladıb ki, Heydər Əliyev çox qısa müddətdə Azərbaycanda vətəndaş müharibəsinin qarşısını almağa, çiçəklənən müstəqil Azərbaycanın inkişaf strategiyasının təməlini qoymağa nail oldu. Hazırda Prezident İlham Əliyev bu strategiyanı uğurla həyata keçirir.
Sonra MAK-ın sədri Vüqar Novruzov çıxış edib. O qeyd edib ki, əsasını müstəqillik, azərbaycançılıq, ədalət, demokratiya, milli tərəqqi və dünyəvilik kimi dəyərlərin təşkil etdiyi yeni Azərbaycan dövlətçiliyinin memarı məhz Heydər Əliyev olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aureliya Qriqoriu tədbirdə iştirak edib.
Qəbul zamanı Sergey Lunkeviç adına Moldova Milli Filarmoniyasının direktoru Svetlana Bivola Azərbaycan ilə Moldova arasında mədəni əlaqələrin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə səfirliyin diplomu təqdim edilib, istedadlı moldav rəssamı Sergey Qutsu isə ölkəmizin diplomatik nümayəndəliyinə Azərbaycan Prezidenti İlham Əliyevin portretini hədiyyə edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu