Kiyevdə Azərbaycanın dünya şöhrətli müğənni və bəstəkarı Müslüm Maqomayevin xatirə gecəsi keçirilmişdir
Kiyev, 2 noyabr (AZƏRTAC). Noyabrın 1-də “Kiyev Politexnik İnstitutu” Ukrayna Milli Texniki Universitetinin Elmi Şurasının iclas salonunda Azərbaycanın dünya şöhrətli müğənni və bəstəkarı Müslüm Maqomayevin xatirə gecəsi keçirilmişdir.
Tədbir Azərbaycanın Ukraynadakı səfirliyi, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna ictimai təşkilatı, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Kiyev Politexnik İnstitutu tərəfindən təşkil edilmişdi.
Əvvəlcə görkəmli müğənninin ifasında məşhur “Sən mənim melodiyamsan” mahnısına çəkilmiş videoklip göstərilmişdir.
Xatirə gecəsinin rəsmi hissəsində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli böyük sənətkarın istedadına və onun xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, Müslüm Maqomayevin həyat və yaradıcılığı, onun dünya mədəniyyətinə verdiyi böyük töhfələr barədə məlumat vermiş, sənətkarın bioqrafiyasından maraqlı faktlar göstərmişdir.
“Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov görkəmli Azərbaycan müğənni və bəstəkarının möhtəşəm uğurları barədə diplomatın sözlərinə qüvvət verərək vurğulamışdır ki, planetar miqyaslı şəxsiyyət olan Müslüm Maqomayev bütün dünyaya məxsusdur.
Rəsmi hissədən sonra Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasov əfsanəvi müğənninin repertuarından mahnılar oxumuş, Kiyev Politexnik İnstitutunun azərbaycanlı tələbələr dueti isə “Noktürn” əsərini ifa etmişdir.
M.P.Draqomanov adına Milli Pedaqoji Universitetin “Zolotoye koltso” özfəaliyyət ansamblı konsertdə Ukrayna mahnılarından ibarət kompozisiya təqdim etmişdir.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Kiyev Politexnik İnstitutunun rəhbərliyinin, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı və ukraynalı tələbələr iştirak etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev