KİYEVDƏ ƏFSANƏVİ HEYDƏR ƏLİYEVİN ABİDƏSİ UCALDILACAQ YERDƏ TƏMƏL DAŞININ QOYULMASI MƏRASİMİ OLMUŞDUR
Kiyevin tarixi mərkəzindəki bağçaya bu tədbirdə iştirak etməyə gəlmiş müxtəlif millətlərə, peşələrə və dinlərə mənsub adamların hamısı sığışmırdı.
Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndi.
Kiyev şəhəri dövlət icra hakimiyyətinin başçısı Aleksandr Omelçenko mərasimi giriş sözü ilə açaraq dedi ki, dünya miqyaslı müdrik siyasətçi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin təməl daşının qoyulmasında iştirak etmək böyük şərəfdir. O, 1997-ci ildə, Azərbaycan Prezidenti Heydər Əliyevin bu ölkəyə səfəri zamanı Ukrayna paytaxtının meriyasında Kiyevin rəmzi açarını ona təqdim etdiyini xatırladı. A.Omelçenko əmin olduğunu bildirdi ki, Azərbaycanın dahi oğlunun və Ukrayna xalqının böyük dostunun gələcək abidəsi önündən tər gül-çiçək dəstələri heç vaxt əskik olmayacaqdır.
Ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev mərasimə toplaşanlara Azərbaycanın ümummilli lideri Heydər Əliyevin keçdiyi mürəkkəb və eyni zamanda şərəfli ömür yolundan, Ukraynaya böyük məhəbbətindən və onun xalqına rəğbətindən danışdı. Səfir dedi ki, vaxtilə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Heydər Əliyev Cernobıl AES-də XX əsrin ən dəhşətli texnogen qəzasından sonra M.Qorbaçovdan və ölkə rəhbərliyindən bu façiəni xalqdan gizlətməməyi, əksinə, Ukraynaya və onun xalqına təcili surətdə kömək göstərməyi tələb etdikdə, Kremldəki başabəla siyasətçilər onun çağırışını nəınki nəzərə almadılar, əksinə, onu təqib etməyə başladılar. Tələt Əliyev “Admiral Naximov” teploxodunun qəzaya uğramasının Heydər Əliyevin ürəyini necə ağır yaraladığını xatırlatdı. O vaxt da Kremldəkilər Heydər Əliyevi eşitmək istəmədilər. Səfir bunu da xatırlatdı ki, Heydər Əliyev Moskvada işləyərkən Kiyev Filarmoniyasının yenidən qurulması üçün ittifaq büdcəsindən vəsait ayrılması təşəbbüsünü irəli sürmüşdü. İndi həmin bina Ukraynanın memarlıq incisidir.
Səfir xoş məramına - Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə abidə ucaltmaq üçün Kiyevdə yer ayırdığına görə Ukrayna tərəfinə, şəxsən Kiyevin meri A.Omelçenkoya minnətdarlığını bildirərək dedi ki, bu abidə xalqlarımızın sarsılmaz dostluğunun rəmzi olacaqdır.
Sonra Ukraynanın xalq deputatı, Ali Radanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, “Ukrayna-Azərbaycan” parlament komissiyasının sədri Anatoli Raxanskiyə söz verildi.
Heydər Əliyevin Ukraynaya, Ukraynanın isə ona məhəbbəti A.Raxanskinin çıxışının ana xəttini təşkil edirdi. Heydər Əliyev Moskvada işlədiyi dövrdə məhz onun sayəsində Ukraynada ən iri obyektlər – “Obolon” zavodu, uşaq yeməkləri zavodu və s. tikilmişdir. Ukraynanın bu tanınmış siyasətçisi Heydər Əliyevi dünya miqyaslı görkəmli dövlət xadimi adlandırdı. O, dahi Heydər Əliyevin varisi İlham Əliyevə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sülh, tərəqqi və demokratiya yolu ilə irəliləməsində uğurlar arzuladı.
Ukrayna Müsəlmanları İdarəsinin sədri şeyx Əhməd Tamim, öz çıxışında qeyd etdi ki, Prezident Heydər Əliyevin bütün həyatı xeyirxah əməllərə yönəlmişdi, bu da həmişə savab iş sayılmışdır. Şeyx, Allah-Təaladan Heydər Əliyevə rəhmət dilədi.
“Çernobıl İttifaqı”nın sədri A.Malyutin, Kiyev Dini Akademiyasının rektoru, yepiskop Dmitri, tibb elmləri doktoru M.Bağırov və başqaları çıxışlarında vurğuladılar ki, dünya siyasətinin patriarxı, Azərbaycan xalqının böyük oğlu təkcə öz xalqının deyil, həm də Ukrayna xalqının qəlbində əbədi yaşayacaqdır.
Mərasimin sonunda Kiyevin meri A.Omelçenko Ukrayna paytaxtında Heydər Əliyevə abidə qoyulmasına icazə verilməsi barədə 2003-cü il 26 dekabr tarixli sərəncamı səfir T.Əliyevə təqdim etdi.
Sonra səfir T.Əliyev, Kiyevin meri A.Omelçenko və Ukrayna Ali Radasının deputatı A.Raxanski təməl daşının üstündən örtüyü götürdülər. Bir neçə dəqiqədən sonra həmin yer güllərə qərq oldu.
Elə həmin gün Azərbaycanın Ukraynadakı səfirliyi Prezident Heydər Əliyevin vəfatının 40-cı günü ilə əlaqədar Kiyevin “Rus” otelində ehsan verdi.
Ukrayna Müsəlmanları İdarəsinin sədri şeyx Əhməd Tamim Heydər Əlirza oğlu Əliyevin ruhuna müqəddəs Qurandan ayələr oxudu.