Kjell A. Nordström: Gələcəkdə insanlar planetimizin yalnız 2 faizində yaşayacaqlar
Bakı, 4 iyun, AZƏRTAC
Müasir dövrdə urbanizasiya prosesi çox sürətlə gedir. 10 il əvvəl dünya əhalisinin yalnız 10 faizi şəhərlərdə yaşayırdı. 2016-cı ildə bu rəqəm 50 faizə yüksəldi.
AZƏRTAC xəbər verir ki, bunu tanınmış iqtisadçı və biznes eksperti Kjell A. Nordström Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, bu gün dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayır, növbəti illərdə isə bu rəqəm 80-85 faizə yüksələcək.
“Şəhərlər daha da böyüyəcək. Dünyada çox deyil, 600 şəhər olacaq. Bu gün Tokio, İstanbul, London kimi şəhərlərin əhalisi daha da artacaq. Enerji, qida məhsulları, ümumilikdə hər şey şəhərdə istehsal olunacaq. Kosmosdan planetə baxanda yalnız iri şəhərlərin işıqları görünür, qalan yerlər isə qara görünür. Bu qara yerlərin sayı artır. Bəs insanları şəhərlərə köçməyə vadar edən nədir? insanları Pekin, Moskva, London və başqa şəhərlərə köçməyə vadar edən ümiddir. İnsan şəhərdə yaxşı təhsil almağa, biznes qurmağa, yaxşı yaşamağa ümid edirlər. Bu ümidi insanın düşüncəsindən heç kim və heç nə çıxara bilməz. Bu, planetimizin coğrafiyasını dəyişəcək. Gələcəkdə insanlar planetimizin yalnız 2 faizində yaşayacaqlar. Bu gün insanlar, qlobal kampaniyalar, dövlətlər buna hazır olmalıdırlar”, - deyə o vurğulayıb.