KOB subyektləri üçün elan edilmiş 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb
Bakı, 4 iyul, AZƏRTAC
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a verilən məlumata görə, KOBİA tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 30-na ümumilikdə 500 min manatdan çox qrant vəsaitinin ayrılması barədə qərar qəbul olunub.
Qalib layihələr kənd təsərrüfatı, sənaye, alternativ enerji, ətraf mühitin qorunması, xidmət, təhsil, maliyyə və s. kimi sektorlarda yeni məhsul və xidmətlərin, rəqəmsal həllərin yaradılması və təkmilləşdirilməsini, tədqiqatların aparılmasını və digər istiqamətləri nəzərdə tutur.
Bu gün keçirilmiş layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının iclasında qeyd edilib ki, 7-ci qrant müsabiqəsinə KOB subyektləri tərəfindən 287 layihə təqdim edilib. KOB subyektlərinə məxsus layihələrin 89-u hüquqi, 198-i fiziki şəxslərə, o cümlədən 275-i mikro, 12-i kiçik sahibkarlıq subyektlərinə məxsus olub. Müsabiqəyə təqdim olunmuş layihələrdən 85-i təhsil, 24-ü elm, 48-i tədqiqat, 130-u dəstək layihələridir.
Qeyd olunub ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 7-cı qrant müsabiqəsinə sənəd qəbulu 2025-ci il 15 aprel-14 may tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 2025-ci il 16 may-16 iyun tarixlərində həyata keçirilib.
Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq.
Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə etmək olar: https://smb.gov.az/az/nav/qrant