Komitə sədri: Azərbaycan müxtəlif təşəbbüslər vasitəsilə dinlərarası dialoqun inkişafında fəal rol oynayır
Bakı, 4 mart, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılığı ilə Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Müsəlman Müftiliyi tərəfindən təşkil olunan iftar mərasimində iştirak edib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, iftar süfrəsində çıxış edən komitə sədri bu səfərin nəticələrinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə, ortaq dəyərlər əsasında duran dostluq, birlik və həmrəylik bağlarını daha da möhkəmləndirəcəyinə əminliyini bildirib. O, millətçilik və təcridçilik meyillərinin getdikcə daha çox yayıldığı bir dövrdə Şərqi Avropada dinc yanaşı yaşayışın parlaq nümunəsi olan Rumıniyada müsəlman icmasına göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb.
Mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində zəngin tolerantlıq və birgəyaşayış ənənələrinə malik ölkələrin təcrübələrindən istifadə etməyə ciddi ehtiyacın yarandığını deyən komitə sədri bu kontekstdə Azərbaycan nümunəsinə diqqət çəkib. Qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, onlar arasında möhkəm təməllər üzərində qurulmuş əlaqələr mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev dini məsələlərə xüsusi həssaslıqla yanaşır, dövlət büdcəsindən həm İslam, həm də qeyri-İslam icmalarına illik maliyyə yardımı ayırır, ibadət yerlərinin bərpası və tikintisinə diqqət göstərir. 44 günlük Vətən müharibəsindən sonra ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Qarabağdakı dini-tarixi abidələrimiz bərpa olunur. Azərbaycan “Bakı Prosesi”nin ayrılmaz komponentləri olan Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin sammitləri və Bakı Beynəlxalq Humanitar Forumları kimi təşəbbüslər vasitəsilə dinlərarası dialoqun inkişafında fəal rol oynayır.
Komitə sədri çıxışının sonunda Rumıniya müsəlman icmasının üzvlərini mübarək Ramazan ayı münasibətilə təbrik edərək dünyaya sülh, əmin-amanlıq arzulayıb.
Mərasimdə Rumıniyanın müsəlman icmasının müftisi Murat Yusuf, Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu, Prezident Administrasiyasinin dövlət müşaviri Katalina Galer, Baş nazirin sözçüsü Andrea Ungar, Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniç və digər dövlət, hökumət nümayəndələri, müsəlman qurumlarının, elmi və mədəni dairələrin təmsilçiləri iştirak ediblər.