KONKİSTADORLAR DÖVRÜNDƏ KANNİBALİZM
Hər bir meksikalı şagird bilir ki, onların millətinin əsası təxminən 500 il əvvəl, ispaniyalı avantürist Kortes asteklərin böyük imperiyasını məğlubiyyətə uğratdığı vaxt qoyulmuşdur. O vaxt Kortes onlara cəmi bir neçə yüz nəfərdən ibarət qoşunla qalib gəlmişdi. Şagirdlər onu da bilirlər ki, Kortesə Avropa xəstəlikləri də kömək etmişdi. Xəstəliklər yerli əhalinin əksər hissəsini biçib-qırmışdı. Kortesə asteklərin yersiz və vaxtsız qonaqpərvərliyi də çox kömək etmişdi.
Bu əhvalatı indiyədək danışırlar və meksikalılar bundan bir növ qürur duyurlar. Kortes asteklərin paytaxtı Tenoçtitlana (indiki Mexiko ispaniyalıların viran qoyduqları bu şəhərin ərazisində yerləşir) yaxınlaşdıqda, kral II Montesuma onunla döyüşə başlamaqdansa, Kortesi qonaq dəvət etmişdi. Bu qonaqpərvərliyin əvəzində Kortes kralı zindana saldırmışdı. Bundan sonra möhtəşəm Mezoamerika mədəniyyətinin İspaniya və katolik kilsəsi tərəfindən müstəmləkələşdirilməsinə başlanılmışdı.
Tlaskala ştatındakı Kalpulalpanada aparılmış arxeoloji qazıntılar sübut etmişdir ki, hər halda, burada asteklər tükürpərdici intiqam almaq imkanı qazanmışlar. Ekspertlərin fikrincə, 1520-ci ildə astek döyüşçüləri Tenoçtitlana tərəf gedən konkistadorların karvanını tutmuş və onlara rəhm etməmişlər. Asteklər onları qəfəsə salaraq, bir neçə ay ərzində bir-bir qurban kəsmişlər. Ən dəhşətlisi də odur ki, qurbankəsmə zamanı onları yeyirdilər.
Tarix dərsliklərinə yenidən baxılmasını və astek mədəniyyəti haqqında təsəvvürlərin dəyişdirilməsini tələb edən bu kəşf burada 1990-cı ildən aparılmış qazıntılar zamanı aşkara çıxarılmış yüzlərlə skelet və sümüyün öyrənilməsi nəticəsində edilmişdir.
Asteklərin insanı qurban verməsi faktı yaxşı məlumdur. Kortes bu hadisəni vahimə içində təsvir edirdi. Asteklər cəmiyyətinin hər bir üzvü özünü allahlara qurban vermək üçün təklif etməyə hər an hazır olmalı idi. Bu mərasimlər onunla başlanırdı ki, qurbanlıq adamı daş ehrama gətirir, burada kahin onun sinəsini yarıb ürəyini çıxarır, sonra da allahlara hədiyyə kimi cama qoyaraq, başı üstünə qaldırırdı.
Lakin indiyədək qaranlıq qalan bir məsələ var - inkişaf etmiş mədəniyyətə malik belə məğrur xalq ispaniyalılara niyə belə asanlıqla tabe olmuşdu? Güman ki, kral Montesumanın darvazaları açmaq və Kortesi içəri buraxmaq qərarı iki amillə bağlıdır. Əvvələn, İspaniya döyüşçülərinin zəhmli görkəmləri, yaraq-əsləhələri və atları astekləri təşvişə salmışdı. Bu da diqqətəlayiq haldır ki, astekləri elə özlərinin dini təsəvvürləri çaşdırmışdı. Əfsanəyə görə, günlərin bir günü “Ağ allah” onlara təşrif gətirməli və asteklər onu mehribanlıqla qarşılamalı idilər. Ona görə də Montesuma ağdərili Kortesi allah, onun gəlməsini isə Tanrının hədiyyəsi kimi başa düşə bilərdi.
Əgər asteklərin insanları qurban kəsmələri faktı yaxşı məlumdursa, onların kannibalizmlə məşğul olduqları barədə fikirləri alimlər çox ehtiyatla söyləyirlər. Lakin Kalpulalpanada aparılmış qazıntılar zamanı tapılmış sümük və skeletlərin ətraflı şəkildə öyrənilməsi heç bir şübhə yeri qoymur ki, asteklər qurban kəsilmiş adamın ətindən xörək də bişirirdilər.
(Londonun “İndependent” qəzetinin materialları əsasında hazırlanmışdır).