KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ AÇIQ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası olmuşdur.
İclasda vətəndaş S.İbrahimovanın şıkayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 24 sentyabr 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işi araşdırılmışdır.
Açıq məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə əvvəlcədən yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabverənin - Ali Məhkəmənin nümayəndəsi iclasa gəlmədiyindən, konstitusiya işinə onun iştirakı olmadan baxılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, konstitusiya məhkəmə icraatında ərizəçi S.İbrahimovanın çıxışını dinləyərək və işin materiallarını araşdıraraq qərar qəbul etmişdir.
Qərarda deyilir ki, vətəndaş S.İbrahimovanın Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Göyçay rayon şöbəsinə və Q.Quliyevə qarşı müqavilənin etibarsız sayılmasına dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 24 sentyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.0.3-cü və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.