“Könüllü jurnalist” layihəsinin təlimçiləri və iştirakçıları təltif ediliblər
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Könüllü jurnalist” layihəsinin təlimçilərinin və iştirakçılarının təltifetmə mərasimi keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Federasiyanın prezidenti Qabil Mehdiyev, Birliyin sədri Miraqil Seyidzadə, peşəkar idman jurnalistləri - Mahir Rüstəmli, Firuz Abdulla, Vüqar Zeynalov, Sənan Şəfizadə, Elşən Məmmədov və idman könüllüləri iştirak ediblər.
Tədbirdə çıxış edən Qabil Mehdiyev və Miraqil Seyidzadə “Könüllü jurnalist” layihəsinə təlimçi kimi dəstək olan jurnalistlərə təşəkkür edərək onların əməyini yüksək qiymətləndirib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda jurnalistlərə və layihəni uğurla tamamlamış gənclərə təşəkkürnamələr və sertifikatlar təqdim edilib.