Könüllü qəhrəmanların növbəti görüşü reallaşıb
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşəbbüsü ilə üzv təşkilatların nümayəndələrinin, könüllülərin və AKTİ katibliyinin iştirakı ilə “Könüllü qəhrəmanların mart görüşü” adlı onlayn konfrans keçirilib.
AKTİ-dan AZƏRTAC-a bildiriblər ki, konfrans 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq faciə qurbanlarının xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başlayıb.
Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Musa Qasımlı çıxış edərək xalqımızın başına gətirilən bu dəhşətli soyqırımı ilə əlaqədar tarixi faktları könüllülərlə bölüşüb, gənclərin 31 mart hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rolunu qeyd edib, eləcə də Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpan inkişafını vurğulayaraq onların fəaliyyətlərinin hər zaman yüksək qiymətləndirildiyini bildirib.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov çıxış edərək mart ayında könüllülər tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirilib ki, könüllülər ay ərzində müxtəlif sosial kampaniyalarda və təbrik aksiyalarında iştirak edərək, şəhid olmuş şəxslərin ailələrinə, tənha, ahıl şəxslərə, aztəminatlı ailələrə baş çəkiblər. Bundan başqa, gənclərin xarici dil biliklərinin inkişaf etdirilməsi məqsədilə “Könüllülərin Fərdi İnkişaf Proqramı” layihəsi çərçivəsində müxtəlif mövzularda təlimlər baş tutub. Azərbaycan könüllüləri arasında ilk dəfə onlayn intellektual turnir keçirilib. Müxtəlif könüllü təşkilatları arasında münasibətlərin möhkəmləndirilməsi və gənclərin intellektual fəaliyyətə cəlb olunması məqsədilə keçirilən turnirdə 11 könüllü təşkilatını təmsil edən gənclər bilik və bacarıqlarını nümayiş etdiriblər.
Konfransın sonunda könüllülərin təklifləri dinlənilib və növbəti aylarda görüləcək işlər müzakirə edilib.