Kopenhagendə Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Stokholm, 2 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
İyunun 1-də Kopenhagenin MusikTeatret Albertslund Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Danimarka Azərbaycan Vətən Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə İsveç və Danimarkanın müxtəlif şəhərlərindən gəlmiş 70-dən çox diaspor nümayəndəsi, eləcə də Danimarkada akkreditə olunmuş diplomatlar iştirak ediblər.
Tədbirdə cəmiyyətin sədri Mehriban Əliyeva qeyd edib ki, 28 May tariximizin şanlı səhifəsi, xalqımızın milli iradəsinin təntənəsidir. Bu gün bütün Şərq dünyasının ilk demokratik və dünyəvi respublikasının yaranması günü kimi tarixə düşüb. “Burada yaşayan azərbaycanlılar olaraq, biz bu şanlı tarixi unutmamalı, onu yeni nəsillərə ötürməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dəyərlər – azadlıq, milli həmrəylik və mədəni zənginlik – bizim üçün daim yol göstəricisi olmalıdır”, – deyə M.Əliyeva vurğulayıb.
O, həmçinin çıxışında Ümummilli Lider Heydər Əliyevin tarixi fikirlərini xatırladıb: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır. Yaşasın güclü, müstəqil Azərbaycan!”.
Azərbaycanın İsveç Krallığındakı səfirliyinin birinci katibi Əskər Nağıyev qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilib, demokratiyanın, insan haqlarının, hüquq sisteminin əsasları qoyulub. “1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Bu gün Azərbaycan siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlara imza atır. Ölkəmizin beynəlxalq arenada mövqeyi güclənir, diplomatik əlaqələri genişlənir. Azərbaycanın beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı regionun və dünyanın təhlükəsizliyinə töhfə verir”, – deyə o bildirib.
Daha sonra 1918-ci ildə Milli Şuranın Tiflisdə keçirilmiş iclasını və Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən “Son iclas” tarixi-bədii filmi nümayiş olunub.
Tədbir Bakı Musiqi Akademiyasının və Frankfurt-Mayn Ali Musiqi və Teatr Məktəbinin məzunu, hazırda İsveçdə yaşayan Aynur Məlikovanın təqdim etdiyi konsert proqramı ilə davam edib.
Tədbirin sonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara təbriklər çatdırılıb, “Azərbaycan” şeiri səsləndirilib.