CƏMİYYƏT
Koronavirusun aşkar olunması üçün Sumqayıtda yeni laboratoriya fəaliyyətə başlayacaq
![Koronavirusun aşkar olunması üçün Sumqayıtda yeni laboratoriya fəaliyyətə başlayacaq](/files/2020/1/1200x630/15877420653165163765_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 24-də növbəti brifinq keçirir.
AZƏRTAC xəbər verir ki, brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Səhiyyə nazirinin müavini Viktor Qasımov iştirak edirlər.
Ölkə üzrə ümumi məlumatları diqqətə çatdıran TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, koronavirusun aşkar olunması üçün Sumqayıtda yeni laboratoriya fəaliyyətə başlayacaq.
Xəstələrin müalicəsinin Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarəti altında həyata keçirildiyini vurğulayan R.Bayramlı deyib: Ölkəmizdə diaqnostik müayinələr davam etdirilir. Virusun müəyyən olunması üçün bütün avadanlıqlar mövcuddur. Hazırda 18 laboratoriyanın tam fəaliyyəti təmin edilib. Aprelin 20-də Şəkidə laboratoriya fəaliyyətə başlayıb. Aprelin 27-də isə Sumqayıtda belə laboratoriya işə düşəcək. Özəl sektorun bu sahədə bizə çox yaxın dəstəyi var. Bu laboratoriyaların ölkəmizə gətirilib quraşdırılmasında "Paşa Holdinq"in böyük dəstəyi var. İngiltərədə istehsal olunan reaktivlərlə analiz apardığımız üçün testlərin nəticələrindən əminik.