Korporativ sosial məsuliyyət anlayışı özündə ideyaları, məsuliyyəti və etikanı birləşdirir
Bakı, 14 sentyabr, AZƏRTAC
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi (JSİD) “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində növbəti iki təlim-görüşü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti əməkdaşları ilə keçirib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata əsasən, görüşdə çıxış edən ictimai birliyin sədri Günel Gözəlovanın sözlərinə görə, hazırda korporativ sosial məsuliyyət anlayışı vacib məsələ olsa da, təəssüf ki, özəl şirkətlər, xüsusilə dövlət qurumları tərəfindən yanlış mənimsənilir: “Biz bu layihə çərçivəsində korporativ sosial məsuliyyətin bir biznes siyasəti olmadığını, xüsusilə dövlət qurumlarının strateji xətti olmasının vacibliyini, eləcə də ictimaiyyətə qarşı sosial cəhətdən hesabatlı olmasına kömək edən bir model olduğunu sübut edəcəyik. Həmin anlayış özündə ideyaları, məsuliyyəti, etikanı birləşdirir və o, icmaya, əməkdaşlarına, xidmət göstərdikləri insanlara, eyni zamanda, gördükləri işlərlə, təbliğ etdiyi ölkəyə və dövlətə faydalı olmağı hədəfləyir. Problem bundadır ki, korporativ sosial məsuliyyət strategiyası yalnız biznes hədəfinə çatmaq kimi anlaşılır və bu istiqamətdə Azərbaycanda dövlət səviyyəsində konstitusion yanaşma yoxdur”.
Tədbirdə, həmçinin “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin Korporativ Sosial Məsuliyyətin inkişafı üçün etdikləri təkliflərin də yer aldığı videoçarx nümayiş etdirilib. Dövlət qurumunun əməkdaşları öz növbələrində təkliflərini bildirərək, layihə ilə bağlı müsbət fikirlərini çatdırıblar. Daha sonra marketinq, ictimaiyyətlə əlaqələr, reputasiyanın idarə edilməsi və beynəlxalq tədbirlərin təşkili, eləcə də idarə olunmasında ixtisaslaşan Səfər Aslanov təlim keçib.
Qeyd edək ki, “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsinə iyul ayından start verilib və sentyabrın sonuna qədər davam edəcək. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Dövlət Sosial Müdafiə Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları ilə altı təlim-görüş keçirilib.