SİYASƏT
Krımın Azərbaycan Demokratik Cümhuriyyəti ilə əlaqələrinə dair
Bakı, 12 iyun (AZƏRTAC). Krımda 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyətinin şərəfinə təsis olunmuş Respublika Günü qeyd edilmişdir. Bu barədə Krımın Azərbaycan icmasının başçısı Rəhim Hümbətov AZƏRTAC-a məlumat vermişdir.
Rəhim Hümbətov demişdir: “Krım ilə Azərbaycanın çoxəsrlik tarixi əlaqələri vardır. Lakin Krımın Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti ilə əlaqələri tarixdə xüsusi yer tutur. 1918-ci ildə yaradılmış Krım diyar hökumətinin baş naziri, sonradan öz səlahiyyətlərindən imtina etmiş general-leytenant Məhəmmədbəy Sulkeviç Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi təyin olunmuşdu. Generalın həyat yoldaşı Məryəm Hacı Zeynalabdin Tağıyevin qız məktəbində işləmiş və Bakı Müsəlman Qadınlarının Xeyriyyə Təşkilatının fəal üzvü olmuşdur. Ordunun təşkilində və möhkəmləndirilməsində, habelə Gürcüstan ilə ADR arasında hərbi ittifaq yaradılmasında M.Sulkeviçin böyük rolu olmuşdur.
Krım diyar hökumətinin digər üzvü Kriçinski Leon-Nayman-Mirzə 1918-1919-cu illərdə ADR-in baş naziri dəftərxanasının müdiri vəzifəsini icra etmiş, 1919-1920-ci illərdə isə Azərbaycan hökuməti dəftərxanasının direktoru olmuşdur.
Məlum olduğu kimi, böyük krım-tatar maarifçisi İsmayılbəy Qasprinskinin qızı Şəfiqə ADR-in baş naziri Nəsibbəy Yusifbəylinin həyat yoldaşı olmuşdur.
Bu tədbirdə Krım ilə Azərbaycan Demokratik Cümhuriyyətini birləşdirən bu və bir çox digər maraqlı faktlardan danışılmışdır”.
Krımın tarixi haqqında kitab hazırlayan Krım İncəsənət Muzeyinin aparıcı mütəxəssislərindən biri Şəfiqə Əbdürəhmanova Simferopolda Gənclər Kitabxanasında toplaşanlara Krımın və ADR-in tarixinə aid fotosənədlər və maraqlı faktlar təqdim etmişdir.