Kristof Frerinq: “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” şəhərlərə iqlim öhdəliklərinin icrasında dəstək verir VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsünün əsas məqsədi bu icmaya qoşulan şəhərləri dəstəkləmək və onların üzərinə götürdükləri öhdəliklərin icrasına kömək göstərməkdir. Hazırda Azərbaycanda bu layihəyə 10 şəhər qoşulub. Məqsədimiz gələcəkdə bu şəhərlərin sayını artırmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü komandasının rəhbəri Kristof Frerinq tədbirdə çıxışı zamanı deyib.
Kristof Frerinq bildirib ki, bu dəstək ilk növbədə şəhərlərin fəaliyyət planlarının hazırlanması, enerji təchizatının təhlükəsizliyinin yaxşılaşdırılması və ədalətli enerji keçidinə doğru irəliləyişin təmin olunmasını əhatə edir. O vurğulayıb ki, təşəbbüsün əsası 2008-ci ildə Avropa İttifaqı tərəfindən yaradılan “Merlərin Razılaşması – Aİ” platforması ilə qoyulub və əsas məqsəd 2020-ci ilədək karbon qazı emissiyalarının 20 faiz azaldılması olub. 2011-ci ildə isə Avropa Komissiyasının qərarı ilə 6 Şərq tərəfdaşlığı ölkəsi üçün “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü fəaliyyətə başlayıb.
Kristof Frerinq qeyd edib ki, 2016-cı ildə iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində həyata keçirilən digər təşəbbüslə birləşmə nəticəsində “İqlim və Enerji üzrə Merlərin Razılaşması” formalaşdırılıb və yeni hədəflər müəyyən edilib. Bu çərçivədə Avropa İttifaqı üçün 2030-cu ilədək istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfi qəbul olunub, Şərq tərəfdaşlığı regionu üçün isə bu göstərici 30 faiz müəyyənləşdirilib.
Komanda rəhbəri vurğulayıb ki, məqsədlər iddialı olmaqla yanaşı, real imkanlara əsaslanmalıdır. Məhz bu yanaşma əsasında region ölkələri üçün Avropa İttifaqı ilə eyni hədəflərin tətbiqinin həmin dövrdə real olmadığı qərara alınıb.
Kristof Frerinq əlavə edib ki, 2021–2022-ci illərdə Avropa İttifaqı emissiyaların 50 faiz azaldılması və 2050-ci ilədək karbon neytrallığı hədəflərini irəli sürsə də, Şərq tərəfdaşlığı regionu üçün 2030-cu ilədək emissiyaların 35 faiz azaldılması məqsədəuyğun hesab olunub. Bununla yanaşı, bəzi şəhərlərin daha yüksək hədəflər müəyyən etdiyini də diqqətə çatdırıb.