Türklüyün birləşdiyi məkan - İstanbulun “Türk dünyası mədəniyyət məhəlləsi” VİDEO
İstanbul, 10 fevral, Günel Karatepe, AZƏRTAC
Dünya coğrafiyasının böyük hissəsini əhatə edən, tarixin müxtəlif dövrlərdə müxtəlif sülalə adları altında yaşayan, hökm sürən türklər dünyanın ən qədim millətlərindən biridir. Bir millətin mədəniyyətinin təməl daşlarını isə onun yaşayış tərzi və milli dəyərləri formalaşdırır. Türk xalqları sonradan eyni yerdə yaşamağa başlasalar da, tarixin müəyyən bir dövrünə qədər köçəri və ya yarı köçəri həyat tərzi sürüblər. Yəni bu gün türklərin mədəniyyətinin, milli dəyərlərinin formalaşmasında evlər qədər çadırlar da böyük rol oynayır.
Türk xalqlarının yaşayış tərzini, milli-mənəvi dəyərlərini özündə ən gözəl şəkildə əks etdirən tarixi məkanlardan biri isə Türkiyənin İstanbul şəhərində yerləşən “Türk dünyası mədəniyyət məhəlləsi” açıq hava muzeyidir.
AZƏRTAC muzeyə ekskursiya edib.
İstanbulun Topqapı Mədəniyyət Parkının ərazisində yerləşən bu məkanda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Tatarıstan və Başqırdıstan evləri, həmçinin Ebru Nasır Əl-Fərabi evi yer alır. 2009-cu ildə ziyarətə açılan məhəllə illər ərzində əlavə olunan maket və çadırlarla zənginləşərək bugünkü görkəmini alıb.
Hər ölkəyə ayrılmış bu evlər sayəsində geniş bir coğrafiyaya yayılmış türk mədəniyyətinin müxtəlif ölkə və icmalardakı əksini eyni məkanda görmək mümkündür. Burada gündəlik həyatdan nümunələr, ev əşyaları, musiqi alətləri, geyim kimi bir çox mədəni detallar nümayiş etdirilir.
Muzeydə yerləşən Azərbaycan mədəniyyət evində ölkəmizə aid milli-mədəni əsərlər nümayiş olunur. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə ziyarətçiləri salamlayan məkanda Azərbaycan tarixinə dair məlumat lövhələri, kitablar, eləcə də tar, qanun, kamança və balaban kimi milli musiqi alətləri yer alır. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin portretləri, Vətənimizin bənzərsiz gözəlliyini əks etdirən geniş şəkil, Koroğlu və Babək kimi xalq qəhrəmanlarına aid təsvirlər yer alıb. Məkan Azərbaycanın xalçaçılıq sənəti, milli geyim nümunələri və bəzək əşyaları ilə bəzədilib. Mədəniyyət evində Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə həsr olunan guşə də yaradılıb.
Mədəniyyət məkanımızın yanında isə Azərbaycanın ən mühüm tarixi abidələrindən biri olan Qız qalasının maketi nümayiş etdirilir.
Bundan əlavə, qazax və qırğız çadırları, orijinal ölçülərdə hazırlanmış Orxon abidələri və Qırğızıstanda yerləşən Bulana qülləsinə aid maketlər də muzeydəki görüləsi eksponatlar arasındadır.
UNESCO tərəfindən 2016-cı ilin Hoca Əhməd Yəsəvi ili elan etməsi münasibətilə muzeyə əlavə edilən Hoca Əhməd Yəsəvi Ocağı bölməsi isə dini həyatın və təsəvvüf mədəniyyətinin əks etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Məhəllə, eyni zamanda, Türk dünyasının xüsusi günlərinin böyük coşqu ilə qeyd edildiyi ünvanlardan biridir. Bu məkan Novruz və Sabantuy kimi bayramların keçirilməsi münasibətilə qohum icmaların və qardaş ölkələrin bir araya gəlməsinə şərait yaradır, ortaq mədəniyyətin tanıdılması, ənənələrin gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm rol oynayır.
İlin hər günü pulsuz olaraq ziyarət edilə bilən “Türk dünyası mədəniyyət məhəlləsi” Topqapı Mədəniyyət Parkında müxtəlif ağac və çiçəklərlə bəzədilmiş bağın içində qonaqlarını gözləyir.