KuPS-un baş məşqçisi: “Sabah” saysız-hesabsız qol epizodları yaratdı
Bakı, 21 iyul, AZƏRTAC
“Sabah” saysız-hesabsız qol epizodları yaratdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Finlandiyanın "KuPS" klubunun baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda komandası "Sabah"a 0:1 hesabı ilə məğlub olduqdan sonra keçirilən mətbuat konfransında səsləndirib.
“Buna baxmayaraq, cavab oyunu üçün şansımız qalır və həmin imkandan maksimum yararlanmağa çalışacağıq. 0:1 hesablı məğlubiyyət göstərir ki, hələ mübarizədən kənarda qalmamışıq. Bu nəticə cavab görüşündə uğurlu çıxış etmək üçün bizə imkan yaradır”, – deyə o bildirib.
Baş məşqçi vurğulayıb ki, komandası meydana vaxt keçirmək və ya minimal hesablı məğlubiyyət almaq məqsədilə çıxmayıb.
“Məqsədimiz öz futbolumuzu oynamaq və müsbət nəticə qazanmaq idi. İndi isə cavab görüşündə bu hesabı dəyişmək üçün əlimizdən gələni edəcəyik”, – deyə M.Nuutinen qeyd edib.
Finlandiyalı mütəxəssis cavab qarşılaşmasının süni örtüklü meydançada keçiriləcəyini xatırladaraq, bunun komandası üçün müəyyən üstünlük yarada biləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.