Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 22 santimetr azalıb
Bakı, 30 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən gün ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində respublikanın Gəncə-Qazax və Naxçıvan Muxtar Respublikası çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-200, Kiçik Qafqazın çaylarında 220-340, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 180 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, martın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 424 kubmetr olmaqla ongünlük normanın 139 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 182 kubmetr təşkil etməklə ongünlük normanın 60 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 81 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici saniyədə 55 kubmetr təşkil edərək ongünlük normanın 49 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 16, Salyanda 22, Araz çayının Novruzlu məntəqəsində 8 santimetr azalma qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 311 (2017-ci il martın 30-da 370 sm), Şirvanda 157 (2017-ci il martın 30-da 229 sm), Salyanda 81 (2017-ci il martın 30-da 150 sm), Bankədə 167 (2017-ci il martın 30-da 170 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr (2017-ci il martın 30-da 73 sm) təşkil edir.