Küveyt qəzetlərində Azərbaycan Xalq Cümhuriyyəti barədə məqalələr dərc edilib
Bakı, 28 may, AZƏRTAC
Küveytdə geniş oxucu auditoriyasına malik “Əl-Nahar”, “Əl-Cəridə” qəzetlərində və “elektornews” elektron qəzetində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məqalələr dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər, məqalələrdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Şərqdə, о cümlədən İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olması, fəaliyyət göstərdiyi 23 ay ərzində əldə etdiyi mühüm nailiyyətlər barədə məlumat verilir.
Bundan başqa, məqalələrdə Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlar, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış enerji strategiyasının xalqın rifahı və tərəqqisinə yönəlməsi, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha uğurla və inamla inkişaf etməsi, güclü bir ölkəyə çevrilməsi diqqətə çatdırılır.
Həmçinin məqalələrdə son illər Azərbaycanda qeyri-neft sektorunun da uğurla inkişaf etdiyi qeyd olunur, kənd təsərrüfatı, xalçaçılıq sənayesi, ağır sənaye, informasiya texnologiyaları, turizm sahələrində çox böyük inkişafın olduğu, ölkəmizin nəqliyyat sektorunun inkişafı üçün işlər görüldüyü, yeniliklərin baş verdiyi vurğulanır. Bakı-Tbilisi-Qars dəmir yolunun açıldığı, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində fəal iştirak etdiyi bildirilir. Eyni zamanda, Azərbaycanın zəngin mədəni irsə sahib bir ölkə olduğu, burada müxtəlif mədəniyyətlərin, millətlərin nümayəndələrinin bərabər şəkildə yaşamasının bir çox ölkələrə nümunə olduğu diqqətə çatdırılır.