Küveytdə 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycanın Küveytdəki səfirliyində 1990-cı il Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirə Küveytdə yaşayan həmvətənlərimiz, “Vətənsevər” Dostluq Cəmiyyətinin nümayəndələri, həmçinin ölkənin tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar.
Tədbirdə 22 il bundan əvvəl keçmiş SSRİ ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı odlu silahlardan atəş açdığı, zirehli texnika və tankların təcili tibbi yardım maşınlarını belə əzib keçdikləri bildirilmiş, həmin hərbi əməliyyatın böyük qəddarlıqla icra olunmasına baxmayaraq, bu təcavüzün Azərbaycan xalqının azadlıq hərəkatını və iradəsini qıra bilmədiyi xüsusi vurğulanmışdır. Ulu öndər Heydər Əliyevin bu qanlı hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqının qəzəb və etirazını açıq şəkildə bütün dünyaya bəyan etməsi xüsusilə qeyd edilmiş, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin də məhz ümummilli liderimizin təşəbbüsü və göstərişi ilə verildiyi bildirilmişdir.
Tədbir iştirakçıları səfirlikdə nümayiş etdirilən 20 Yanvar fotosərgisi ilə tanış olmuş, qanlı faciə barədə çəkilən sənədli filmə baxmışlar.
Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə ərəb dilində dərc edilmiş “20.01.1990 - Azərbaycanda qanlı yanvar faciəsi” adlı jurnal və ərəb dilində 20 Yanvar faciəsinə həsr olunan sənədli filmin DVD-si tədbir iştirakçılarına təqdim olunmuşdur.
Eyni zamanda, 1990-cı il Qanlı Yanvar faciəsi Küveyt KİV-lərində geniş şəkildə işıqlandırılmış, hadisə ilə bağlı müfəssəl məqalə çoxsaylı oxucu kütləsinə malik “Əl-Vasat” qəzetində dərc edilmişdir.