Küveytdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 22 fevral (AZƏRTAC). Azərbaycanın Küveytdəki səfirliyində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev 19 il bundan əvvəl ermənilərin xalqımıza qarşı törətdikləri dəhşətli faciə haqqında danışmışdır. Diplomat vurğulamışdır ki, faciəyə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilmişdir.
Tədbir iştirakçıları “Xocalı qurbanları” fotosərgisi və faciə ilə bağlı müxtəlif dillərdə çap olunmuş nəşrlər ilə tanış olmuş, Xocalı soyqırımı haqqında sənədli filmə baxmışlar.
Bundan əlavə, səfirliyin təşəbbüsü və dəstəyi ilə ərəb dilində nəşr olunmuş “26 fevral 1992-ci il - Xocalı faciəsi” adlı kitablar, Xocalı faciəsinə həsr olunmuş sənədli filmin diskləri və soyqırımı ilə bağlı diplomatik nümayəndəliyimizin bəyanatı tədbir iştirakçılarına təqdim olunmuşdur.
“26 fevral 1992-ci il - Xocalı faciəsi” kitabında ümummilli lider Heydər Əliyevin erməni işğalçılarının Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı törətdikləri cinayətlə bağlı bəyanatı, Prezident İlham Əliyevin xalqa müraciəti, Xocalı qırğını ilə bağlı məlumatlar, faciə ilə bağlı dünya mətbuatında dərc olunmuş materiallar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT, İKT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və bəyanatların mətnləri öz əksini tapmışdır.
Kitabda, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyası haqqında geniş məlumat verilir.
Kitablar və Xocalı soyqırımı ilə bağlı sənədli filmin diskləri Küveytin rəsmi qurumlarına, nüfuzlu ictimai təşkilatlara, kitabxanalara və KİV-lərə göndərilmişdir.
Tədbirdə Küveytin ictimai-siyasi xadimləri, nüfuzlu KİV-lərin nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak etmişlər.
######
