Küveytdə Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Bakı, 22 fevral (AZƏRTAC). Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən xalqımızın tarixində qanlı iz buraxmış Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Sabah Əl-Səlim məntəqəsinin orta ümumtəhsil məktəbində “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi açılmışdır.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev keçmiş sovet ordusunun dəstəyi ilə erməni silahlılarının Xocalı şəhərində törətdikləri vəhşiliklər və faciənin əsl mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbir iştirakçıları Xocalı soyqırımının nəinki Azərbaycanın, hətta bəşəriyyətin müasir tarixində qanlı iz buraxdığını bildirmişlər.
Sərgi fevralın 27-dək davam edəcəkdir.
Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində fevralın 21-də Azərbaycanın Küveytdəki səfirliyində bu ölkənin KİV-ləri nümayəndələrinin iştirakı ilə səfir T.Rzayevin mətbuat konfransı keçirilmişdir. Diplomat 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı haqqında jurnalistlərə ətraflı məlumat vermişdir.
T.Rzayev bu faciəni XX əsrin ən dəhşətli hərbi cinayətlərindən biri kimi qiymətləndirmişdir. Azərbaycanlı diplomat Xocalı həqiqətlərinin üzə çıxarılmasında, dünya ictimaiyyətinə çatdırılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin mühüm rolunu xüsusilə vurğulamışdır.
Səfir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək bu problemin həlli üçün ölkəmizin kifayət qədər hərbi qüdrətə malik olduğunu bildirmişdir. Səfir Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin Küveyt tərəfindən daim pisləndiyini qeyd edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə dost və qardaş Küveyt xalqına və hökumətinə minnətdarlığını bildirmişdir.
Sonda səfirliyin təşəbbüsü və dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Xocalı soyqırımı” kitabı və qanlı faciəni özündə əks etdirən filmin ərəb dilində CD variantı, həmçinin səfirlik tərəfindən hazırlanmış mətbuat bəyanatı jurnalistlərə təqdim olunmuşdur.
Fevralın 22-də Küveytin çoxtirajlı və geniş oxucu kütləsinə malik “Əl-Ray”, “Əl-Nahar”, “Əl-Siyasə”, “Əl-Vatan”, “Əl-Vasat”, “Əl-Şəhid”, “Əl-Ənbəə”, “Aləm Əl-Yaoum” qəzetlərində Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilmiş erməni vəhşiliklərini özündə əks etdirən geniş məqalələr dərc olunmuşdur. Bundan əlavə, “Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Xocalı əhalisinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti” ərəb dilinə tərcümə edilərək, Küveytin dövlət, hökumət qurumlarına, parlamentinə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara, KİV-lərə göndərilmişdir.
Silsilə tədbirlər çərçivəsində səfirliyin və Küveytdə yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarını özündə birləşdirən “Vətənsevər” Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə səfirliyin əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, eyni zamanda Küveyt vətəndaşlarının iştirakı ilə fevralın 23-də Xocalı faciəsinə həsr olunmuş anma mərasimi keçiriləcəkdir.