“L'opinione”: Azərbaycan etnik və dini birgəyaşayışın ən gözəl nümunəsidir
Roma, 29 may, AZƏRTAC
İtaliyanın “L'opinione” xəbər portalı Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı məqalə yayıb.
Forum haqqında ətraflı məlumat verən müəllif qeyd edir ki, əsası 2008-ci ildə qoyulmuş bu tədbirə çoxlu sayda beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, ictimai-siyasi xadimlər, mütəxəssislər və digər önəmli şəxslər qatılırlar.
Azərbaycanın Qafqazın mədəni mozaikası, etnik və dini birgəyaşayışın ən gözəl nümunəsi olduğunu bildirən müəllif müxtəlif ölkələrdə dini və etnik gərginliklərin tüğyan etdiyi bir vaxtda belə bir tədbirin Azərbaycanda təşkilini xüsusi qeyd edir. Bildirir ki, məhz bu tədbir vasitəsilə müxtəlif mədəni dəyərləri olan insanlar harmoniya, istək və mübadilə anlayışları çərçivəsində söhbət etmək imkanı əldə edirlər. Bu da özlüyündə böyük nailiyyətdir.
Yazıda Forumun iştirakçısı, İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqonun fikirlərinə də yer verilir. O bildirir ki, Forum çərçivəsində humanitar sahənin müxtəlif istiqamətlərinə dair “dəyirmi masa”ların və debatların təşkili müsbət nəticəyə öz təsirini göstərməkdədir. Fərqli siyasi və mədəni baxışları olan mütəxəssislər bu tədbir vasitəsilə müvafiq mövzulara dair fikirlərini bölüşə bilirlər. Əslində bu cür tədbiri heç də bütün ölkələrdə təşkil etmək mümkün deyil.
Müəllif vurğulayır ki, etnik və dini müxtəlifliklər böyük miqyasda münaqişələrə səbəb olur. Bu baxımdan tolerantlıq və qarşılıqlı hörmət anlayışları daha böyük önəm kəsb etməyə başlayıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma