ŞƏRH
Laçın sivilizasiyalar qovşağıdır ŞƏRH
Bakı, 14 oktyabr, AZƏRTAC
Məlum olduğu kimi, oktyabrın 8-də Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu qərar bir yandan Azərbaycana göstərilən hörmət və etimadın təsdiqidirsə, digər tərəfdən də onun həqiqətən bir “mədəniyyət paytaxtı” olmasına görə, tamamilə məntiqi və əsaslandırılmış bir qərardır. Belə ki, əvvəla Laçın olduqca əlverişli coğrafi mövqeyə, hərbi-strateji əhəmiyyətə, o cümlədən əsrarəngiz təbii gözəlliklərə malik unikal bir şəhərdir. İkincisi, Laçın qədim sivilizasiyalar qovşağıdır. Burada atəşpərəstlik, xristianlıq və İslam sivilizasiyaları üzvi surətdə birləşir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, “İslahatçı Gənclər“ İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
O bildirib ki, rayonun ərazisində yaşı min illərlə və yüz illərlə ölçülən çox sayda tarixi, arxeoloji və memarlıq abidəsi, kurqanlar, qalalar, çox sayda qəbirüstü abidələr, qayaüstü təsvirlər, xalqımızın qədim inancları və incəsənəti ilə bağlı at, qoç fiqurları, süjetli daşlar və sair vardır. Xristian abidələrinin çoxu Azərbaycan tarixinin ən mühüm – Azərbaycan Albaniyası dövrünün yadigarlarıdır. İşğal illərində onlar ermənilər tərəfindən dağıdılsalar, görünməmiş vandalizmə və total saxtalaşdırmalara məruz qalsalar da, özlərinin ilkin simasını, alban mahiyyətini qoruyub saxlamışdır. Bununla belə Hoçaz kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki Məlik Əjdər türbəsi (XIV əsr), adsız türbə (XVII-XVIII əsrlər), Şeyx Əhməd türbəsi (XIX əsr), Qarıqışlaq kəndindəki məscid (1718), Hüsülü kəndində Həmzə Sultan sarayı (1761), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğlan çayı üzərindəki məbəd (XIX əsr), Güləbirddəki türbə və sair abidələrin taleyi çox acınacaqlı olub.
“Bundan əlavə, işğal illərində rayon ərazisində 12 muzey və 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray ermənilər tərəfindən qarət edilərək yandırılıb. Minlərlə eksponat yoxa çıxıb və ya məhv edilib. Məbədlər və məscidlər işğalçıların təhqir obyektinə çevrilib. Onlarla kitabxana və minlərlə kitab yandırılaraq yer üzündən silinib. Siyahını istənilən qədər uzatmaq olsa da, buna ehtiyac duymuruq. Lakin o da çox xoşdur ki, bu gün alimlərinin və peşəkar mütəxəssislərin iştirakı ilə həmin abidələrin çox ciddi şəkildə bərpasına, restavrasiyasına və konservasiyasına başlanılıb. Bu iş Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Bu mənada MDB Humanitar Əməkdaşlıq Şurasının Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan etməsi olduqca mühüm və zamanında verilmiş bir qərardır. Yəni, bizim qonşularımıza və dostlarımıza deyəcək çox sözümüz, göstərəcək çox işimiz var”, - deyə Fərid Şahbazlı əlavə edib.