“LAL ÇİNAR” FİLMİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, noyabrın 15-də “Nizami” kinoteatrında yazıçı-jurnalist Mehdi Mükərrəmoğlunun ssenarisi əsasında “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş “Lal çinar” qısametrajlı bədii filminin təqdimatı olmuşdur. Filmin quruluşçu rejissoru Vasif Məmmədzadədir. Baş rolları Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Günay Mikayılova, Rövşən Məmmədov, “Yuğ” teatrının aktyorları Fərhad İsmayılov, Şahin Qəhrəmanoğlu ifa etmişlər. Filmin çəkilişləri Zaqatala rayonunda aparılmış, aktyorlarla birlikdə “N” hərbi hissəsinin şəxsi heyəti də yaxından iştirak etmişdir. Kinoda Qarabağ müharibəsinin ön səngərlərində əsgərlərimizin cəsarəti, sevən gənclərin namərd düşmən gülləsi ilə yarımçıq qalan ömürləri, saf duyğuları lirik-bədii, psixoloji detallarla, yaddaqalan lövhələrlə əks etdirilmişdir. Bu film yaxın günlərdə televiziya ekranlarında da nümayiş etdiriləcəkdir. Film tamaşaçılar, mütəxəssislər və mətbuat nümayəndələri tərəfindən maraq və razılıqla qarşılanmış, təqdimatdan sonra keçirilən görüşün iştirakçıları yaradıcı kollektivi uğurlu işlərinə görə təbrik etmişlər.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Vasif Məmmədzadə Mədəniyyət Nazirliyinin elan etdiyi “Bizim naməlum kino” müsabiqəsinin, ssenari müəllifi Mehdi Mükərrəmoğlu isə “Son reportaj” müsabiqəsinin qalibi olmuşdur. Hər iki müsabiqənin şərtinə görə onlar bu filmi dövlət sifarişi hesabına çəkdirmək şansı qazanmışlar.