CƏMİYYƏT
Latın Amerikası ölkələrində yaşayan soydaşlarımız Ermənistanın cəzalandırılmasını tələb edirlər
Bakı, 20 aprel, AZƏRTAC
Latın Amerikasında fəaliyyət göstərən soydaşlarımız Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi və İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması kimi vandalizm aktlarını qətiyyətlə pisləyiblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Latın Amerikasının Azərbaycan Cəmiyyəti adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərlərinin Ermənistana əsir düşməsi səbəblərinə aydınlıq gətirilib. Azərbaycan əsgərinə verilən işgəncədən cəmi bir gün sonra Ermənistanda ölkəmizə qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan növbəti vandalizm aktının - Azərbaycan Bayrağının yandırılmasının baş verdiyinə diqqət cəlb edilib.
Qeyd olunub ki, Azərbaycan Bayrağına qarşı yolverilməz davranış Ermənistanın baş nazirinin iştirak etdiyi mötəbər tədbirin canlı yayımı zamanı İctimai Televiziyanın əməkdaşı tərəfindən həyata keçirilib. Bu cür nifrət mühiti isə təhlükəsizlik baxımından Azərbaycan atletlərinin yarışda iştirakını qeyri-mümkün edib.
Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha vurğulanıb.
Azərbaycan cəmiyyəti müvafiq beynəlxalq təşkilatlardan hər iki zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymətin verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini, Avropa Ağır Atletika Federasiyası tərəfindən Ermənistana qarşı sanksiyalar tətbiq olunmasını tələb edib.
Eyni zamanda, beynəlxalq idman ictimaiyyətini etiraz səsini ucaltmağa, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə çağırıb.