Latın Amerikası Xəbərlər Agentlikləri Birliyinin saytında Azərbaycan səfirinin məqaləsi yayılıb
Bakı, 21 may, AZƏRTAC
Latın Amerikası Xəbərlər Agentlikləri Birliyinin (ULAN) saytında Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin məqaləsi yayılıb.
“Azərbaycan və Argentina: beynəlxalq inteqrasiyada və ikitərəfli gündəlikdəki oxşar baxışlar” adlı məqalədə səfir yazır ki, coğrafi cəhətdən bir-birindən uzaq olan Azərbaycan və Argentina ortaq dəyərlərə, maraqlara və baxışlara görə yaxın ölkələrdir. Bu amil iki ölkə arasında son illərdə münasibətlərin inkişafı üçün əhəmiyyətli olub. Diplomat 2010-cu ildən etibarən iki ölkə arasında münasibətlərin inkişafında müşahidə olunan dinamikadan söhbət açır, bu xüsusda hər iki ölkənin qarşılıqlı olaraq bir-birinin paytaxtlarında səfirliklərini təsis etdiyini, qarşılıqlı rəsmi səfərlər və biznes missiyalarının həyata keçirildiyini, siyasi, iqtisadi, elmi və akademik sahələrdə çoxsaylı sənədlərin imzalandığını vurğulayır.
Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcud olduğunu bildirən Məmməd Əhmədzadə Azərbaycanın və Argentinanın beynəlxalq gündəlikdə dayanan məsələlərə münasibətdə mövqelərinin üst-üstə düşdüyünü, hər iki ölkənin dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn aliliyi və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrə əməl edilməsinin vacibliyi mövqeyindən çıxış etdiyini diqqətə çatdırır. Hazırda beynəlxalq siyasətdə ikili standartlar və riyakarlığın hökm sürdüyünü və bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin dərhal yerinə yetirildiyini, digər hallarda isə illər boyunca yerinə yetirilməyərək kağız üzərində qaldığını vurğulayan diplomat Azərbaycanın belə bir ədalətsizliklə üzləşdiyini qeyd edir. Səfir yazır: “İki onillikdən artıq müddətdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi (Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon) Ermənistan tərəfindən işğal edilib və həmin torpaqlardakı bir milyon azərbaycanlı öz doğma yurdlarından qovulub. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti və güc tətbiqi ilə ərazilərin işğalının yolverilməzliyini təsdiq edən, Ermənistan hərbi qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə və Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi qətnaməyə Ermənistan tərəfindən əməl edilmir”.
Məqalədə səfir Azərbaycan və Argentina arasında oxşar baxışlar kimi multikulturalizmə hörmətin dövlət siyasətinin əsas prinsiplərindən olduğunu, iki ölkənin bir-birini tamamlayan iqtisadiyyata malik olmalarının iqtisadi əməkdaşlığın inkişafı üçün önəm kəsb etdiyini diqqətə çatdırır. Habelə parlamentlərarası əməkdaşlığın, elmi, akademik, intellektual dairələr arasında əlaqələrin, bu xüsusda təsis olunmuş qurumların xalqlar arasında qarşılıqlı məlumatlandırma və təmasları təşviq etdiyini vurğulayır.