Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib
Bakı, 20 may, AZƏRTAC
Latviya Prezidenti Andris Berzinş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan bir sıra sabiq dövlət və hökumət başçılarını qəbul edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr arasında əməkdaşlıq imkanları, bu istiqamətdə atılacaq konkret addımlar müzakirə edilib.
Müzakirələr zamanı Latviyanın sabiq Prezidenti Valdis Zatlers “Şərq tərəfdaşlığı” Proqramına üzv ölkələrə dəstək göstəriləcəyini vurğulayıb. O bildirib ki, Latviya Avropa İttifaqı Şurasına sədrliyi dönəmində “Şərq tərəfdaşlığı” Proqramına üzv ölkələrlə münasibətlərin genişləndirilməsinə öz töhfələrini verib və bu proses gələcəkdə də davam edəcək. “Bu ölkələrin əksəriyyəti bizim qonşularımızdır, ancaq 50 illik ortaq tarixi bağlar bizə imkan verir ki, Avropa İttifaqı ilə Şərq qonşularımız arasında daha sıx əlaqələr quraq”, - deyə V. Zatlers əlavə edib.
Görüş iştirakçıları sonuncu Şərq Tərəfdaşlığı Sammitindən keçən müddətdə bu sahədə problemlərin yaranması ilə razılaşıblar. Latviya Prezidenti bu məsələnin hər bir ölkənin fərdi öhdəlikləri və apardığı iqtisadi islahatlarla yanaşı, eyni zamanda, əməkdaşlıq etmək istəyindən də asılı olduğunu vurğulayıb. Andris Berzinş bildirib ki, Latviya hər zaman bu istiqamətdə sabiq dövlət və hökumət başçılarının təcrübəsi, eləcə də uzun illər ərzində qazandığı biliklərin istifadə edilməsində maraqlı olub və olacaq.
Latviya Prezidenti Andris Berzinşlə görüşdə bu ölkənin sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, həmçinin Mərkəzin üzvləri, keçmiş prezidentlər - Valdis Zatlers (Latviya), Boris Tadiç (Serbiya), Emil Konstantinesku (Rumıniya), Danilo Turk (Sloveniya), Petar Stoyanov (Bolqarıstan), Recep Meydani (Albaniya), Viktor Yuşşenko (Ukrayna) iştirak edib. Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya da görüşə qatılanlar arasında olub.
Qeyd edək ki, sabiq liderlər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” Proqramına üzv ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Riqaya toplaşıblar.