Latviyada Novruz bayramı qeyd olunub
Bakı, 18 mart, AZƏRTAC
Riqa şəhərində Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın Latviyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.
Azərbaycanın Latviyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Mežaparka Lielā estrāde”də təşkil olunan tədbirdə Latviyanın dövlət qurumlarının rəhbərləri, Latviya Seyminin üzvləri, diplomatik missiyaların rəhbərləri, tanınmış incəsənət xadimləri, Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Səfir Elnur Sultanov Latviyada Novruz bayramının artıq üçüncü dəfə qardaş Türkiyə, Qazaxıstan və Özbəkistan səfirlikləri ilə birgə qeyd edildiyini bildirərək, Türk dünyasının ortaq mirası və həmrəylik rəmzi olan Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Qazaxıstanın səfiri Dauren Karipov, Türkiyənin müvəqqəti işlər vəkili Özlem Hırsan və Özbəkistanın səfiri Timur Raxmanov da çıxış edərək Novruz bayramı münasibətilə xoş arzularını dilə gətiriblər.
Mədəni proqram çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinin dəstəyi ilə Azərbaycanın görkəmli rəssamlarının Novruz bayramına həsr olunmuş əsərlərinin reproduksiyalarından ibarət sərgi təşkil olunub, ölkəmizdə Novruz bayramının qeyd olunması barədə videoçarx nümayiş etdirilib. Qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.