Latviyanın Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da Latviyanın Baş naziri xanım Laimdota Strauyuma Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Avropa ölkələrinin sabiq dövlət və hökumət rəhbərləri ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr arasında vacib strateji əməkdaşlıq məsələləri, eləcə də mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi müzakirə edilib.
Latviya Baş naziri ilə görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, bu ölkənin digər keçmiş Prezidenti Valdis Zatlers, Serbiyanın sabiq dövlət rəhbəri Boris Tadiç, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Sloveniyanın keçmiş Prezidenti Danilo Turk, Bolqarıstanın sabiq dövlət başçısı Petar Stoyanov, Moldovanın keçmiş dövlət başçısı Petru Luçinski iştirak edib. Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya, Yunanıstanın sabiq Baş naziri George Papandreou və Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko da görüşün iştirakçıları arasında olublar.
Sabiq dövlət və hökumət rəhbərləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusunda keçiriləcək toplantıda iştirak etmək üçün Riqada səfərdədirlər.