LAYİHƏNİN NÖVBƏTİ MƏRHƏLƏSİ HƏYATA KEÇİRİLİR
Qeyri-hökumət təşkilatından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda icmaların infrastrukturunun inkişafı, qaçqın və məcburi köçkünlərin həm paytaxtda, həm də rayonlarda inteqrasiyası ilə bağlı layihənin birinci mərhələsi başa çatmışdır.
İcmalar artıq Bakının Binəqədi rayonunda, Xızı, Ağdam və Tərtərdə yaradılmışdır. Bakıda tədris-istehsalat mərkəzi də fəaliyyət göstərir. Burada qadınlara məişətdə zəruri vərdişlər öyrədilir. Mərkəz müntəzəm olaraq əl işlərindən ibarət sərgilər təşkil edir. Almaniyanın Azərbaycandakı səfirliyinin köməyi ilə Bərdə icmasına tikiş məmulatların istehsalı üçün avadanlıq gətirilmişdir.
Proqramın ikinci mərhələsi icmanın əlaqələrinin, o cümlədən şəhər və rayon miqyaslı dövlət müəssisələri ilə, bələdiyyələrlə əlaqələrinin genişləndirilməsindən ibarətdir. Bu, icmaya problemlərini sərbəst həll etməkdə kömək göstərəcəkdir. Nəhayət, üçüncü, təhsil mərhələsinə icmaların başlıca problemin müəyyən edilməsi və onun aradan qaldırılması məqsədi ilə proqram layihəsini sərbəst işləyib hazırlamaq bacarığı daxildir.