LƏNKƏRANDA AVROPA ŞURASININ «AZƏRBAYCANIN KORRUPSİYAYA QARŞI MÜBARİZƏ STRATEGİYASINA DƏSTƏK» LAYİHƏSİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 14-də Lənkəran şəhərindəki «Xəzər» hotelində Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Avropa Şurasının «Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə Strategiyasına Dəstək» (AZPAC) layihəsinin təqdimatı olmuşdur.
Tədbirin məqsədi ölkəmizin müxtəlif regionlarında hökumət təşkilatlarının korrupsiya ilə mübarizə məsələləri ilə bağlı götürdükləri öhdəliklər haqqında ictimai bilikləri artırmaq, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün qəbul edilmiş Fəaliyyət Planı barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Dövlət qulluqçularının, hüquq mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işçi qrupunun üzvü Anar Tanrıverdiyev «Azərbaycanın şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyası: məqsədlər və tərkibi», Avropa Şurasının uzun müddətli məsləhətçisi Kventin Rid «AZPAC» layihəsi və onun iş planı», korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin əlaqələndiricisi Əliməmməd Nuriyev «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Srategiyanın həyata keçirilməsində QHT-lərin rolu» və «Şəffaflıq- Azərbaycan» təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva «Azərbaycanda korrupsiya ilə mübarizədə QHT-lərin rolu» mövzularında məruzə ilə çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.