Lənkəranda “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilib



Bakı, 7 mart, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi ilə birgə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda nəzəri-praktiki təlim keçirilib.
DSX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hərbi hissənin şəxsi heyətinin və FHN-in yerli əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə əvvəlcə təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə geniş bəhs olunub.
Praktiki hissədə şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğrayan avtomobildən xüsusi xilasetmə alət və avadanlıqlarının köməyi ilə xilas edilərək “zərərçəkmişlərə” təxirəsalınmaz ilkin yardımın göstərilməsi, eyni zamanda, qəza zamanı ətrafa yayılan yanğının qısa müddətdə söndürülməsi icra edilib.
Təlimin nəticələri təhlil olunub, təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.