Lənkəranda humanitar aksiyadan 162 mindən çox rayon sakini yararlanacaq
Lənkəran, 4 mart, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən hər il olduğu kimi, bu il də ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinələrə cəlb olunması Lənkəran rayonunda mütəşəkkil qaydada davam edir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, humanitar aksiya ilə əlaqədar rayonun iki böyük səhiyyə ocağında - Rayon Mərkəzi Xəstəxanasında və Müalicə-Diaqnostika Mərkəzində yüksəkixtisaslı və təcrübəli həkimlər sakinlərin tibbi müayinələrini aparırlar.
Humanitar aksiyaya start verildiyi gündən - fevralın 12-dən səhiyyə müəssisələrinin terapevt, oftalmoloq, otolorinqoloq, ginekoloq, cərrah, nevropatoloq və dermatoloqlardan ibarət həkim briqadaları qrafikə uyğun olaraq hər gün səhər saat 9-dan 16-dək rayon mərkəzindən uzaq yaşayış məntəqələrində sakinlərin tibbi müayinələrini həyata keçirirlər.
Əbülfət Məmmədov qeyd edib ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin müayinə olunmaları üçün qrafikə uyğun müəyyən günlər nəzərdə tutulsa da, sakinlər üçün hər hansı bir gün məhdudiyyəti yoxdur. İstənilən vətəndaş müayinələrin keçirildiyi tibb müəssisəsinə gələrək bu xidmətdən yararlana bilər.
Tibbi müayinə ilə əlaqədar müraciət edənlər ilk olaraq xəstəxananın poliklinika şöbəsində peşəkar həkimlər tərəfindən dinlənildikdən sonra müayinədən keçirilir. Ehtiyac yarandığı təqdirdə vətəndaş müalicə üçün xüsusi göndərişlə müvafiq səhiyyə müəssisəsinə göndərilir.
Aksiya başlanandan qısa müddətdə Lənkəran rayonunda 42 min nəfərə yaxın sakin tibbi müayinədən keçib. 3789 nəfər ambulator, 208 nəfər stasionar müalicəyə cəlb olunub. Xəstələrdən 17 nəfəri üzərində cərrahiyyə əməliyyatı aparılıb, 31 nəfər isə müalicə üçün Bakı şəhərindəki tibb müəssisələrinə göndərilib.
Rayon sakinləri humanitar aksiyanın yüksək səviyyədə təşkilindən razılıqlarını ifadə edərək, onların sağlamlığının qayğısına qalan dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, humanitar aksiyadan Lənkəran rayonunda yaşı 18-dən yuxarı olan 162 min 704 nəfər yararlanacaq.