Lənkəranda şəhid və qazilərimizin ailələri üçün təsərrüfatlar yaradılıb
Bakı, 16 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Lənkəran rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslər növbədənkənar özünüməşğulluq proqramına cəlb olunublar və onlara mal, material və avadanlıqlar verilib.
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Zaur Ağazadənin atası Kamal Ağayev, habelə şəhid Ramid Əliyevin anası Qətibə Əliyeva, şəhid Ayxan Qurbanzadənin həyat yoldaşı Kəmalə Səmədova və Vətən müharibəsi iştirakçısı Əhliman Quluzadə üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar qurulub.
Agentlik postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq tədbirlərinə cəlb olunması ilə əlaqədar Tədbirlər Planı əsasında həmin kateqoriyalardan olan vətəndaşların aktivlərlə təminatı, habelə proqrama cəlb edilməsi işlərini davam etdirir.