Lənkəranda tənha və ahıl vətəndaşlara ərzaq yardımı olunub
Lənkəran, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar evdə özünütəcrid vəziyyətində qalan, sosial yardıma ehtiyacı olan 65 yaşdan yuxarı tənha və ahıl şəxslərin ehtiyaclarının ödənilməsinə, onlara lazımi sosial-tibbi və mənəvi köməyin göstərilməsinə diqqət artırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejimi çərçivəsində özünütəcrid vəziyyətində olan 50 nəfər ahıl və tənha vətəndaşa evlərində ərzaq bağlamaları təqdim olunub, onların çətinlikləri öyrənilib, müvafiq kömək göstərilib.
Aksiyadan yararlanan yaşlı nəslin nümayəndələri və tənha insanlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.