Lənkəranda Vətən müharibəsi şəhidlərinin xatirəsi ağacəkmə kampaniyası ilə yad edilib
Bakı, 16 dekabr, AZƏRTAC
II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Lənkəranda ağacəkmə aksiyası keçirilib. Aksiya Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran nümayəndəliyi, Lənkəran Peşə Liseyinin birgə təşkilatçılığı, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhərin Yaşıllaşdırma Müəssisələrinin birgə fəaliyyəti ilə Həzi Aslanov Parkında baş tutub.
GKİM-dən AZƏRTAC-a bildirilib ki, aksiya zamanı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri və Lənkəran Yaşıllaşdırma Müəssisəsinin əməkdaşları tərəfindən relikt bitki olan Lənkəran Akasiyaları əkilib və suvarılıb.
Gələcəkdə də belə aksiyaların davam etdirilməsi və daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır.