Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB
Tovuz, 3 oktyabr, AZƏRTAC
Tovuzda baş verən hadisənin təfərrüatları məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası - 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.
09:13
Tovuzda yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N.Hüseynova ağır yanıq xəsarətləri alıb. Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 45 yaşlı qadın xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir -Ruslan Novruzoğlu