Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Uşaq Hüquqları Günü qeyd olunub
Bakı, 14 noyabr, AZƏRTAC
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi hər il olduğu kimi uşaqlara öz hüquqlarını öyrətmək və onların səsini cəmiyyətə çatdırmaq məqsədilə maarifləndirici tədbir təşkil edib.
Ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə F.Rzayev adına 150 nömrəli orta məktəbin beşinci və altıncı sinif, 189-190 nömrəli orta məktəbin altıncı və yeddinci sinif şagirdlərinə muzeyin bələdçiləri tərəfindən rus və Azərbaycan dillərində ekskursiyalar keçirilib. Onlara uşaq hüquqları, Mstislav Rostropoviçin uşaqların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verilib. Eyni zamanda, maestronun Azərbaycanda uşaqların sağlamlığı, təhsili və gələcəyi ilə bağlı göstərdiyi əvəzsiz xidmətləri qeyd edilib.
Daha sonra məktəblilər uşaq hüquqlarından bəhs edən maarifləndirici videoçarxlara baxıblar.
Qeyd edək ki, 20 noyabr – Uşaq Hüquqları Günü uşaqların səsinin eşidildiyi, onların hüquqlarının qorunmasının vacibliyinin vurğulandığı gündür. 1989-cu ildə “Uşaq Hüquqları haqqında BMT Konvensiyası” qəbul edilib və hər il 20 noyabr – Uşaq Hüquqları Günü kimi qeyd olunur. Bunun ilə əlaqədar olaraq Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilir.
Bu günün keçirilməsində əsas məqsəd uşaqların hüquqlarını qorumaq, onlara qayğı göstərmək və cəmiyyətdə uşaqlara hörmətlə yanaşmağı təşviq etməkdir. Bu ay bizə xatırladır ki, hər bir uşaq sevilməyə, təhsil almağa, sağlam və təhlükəsiz mühitdə böyüməyə layiqdir və onların xoşbəxtliyi, rifahı cəmiyyətin ən böyük dəyəridir.