Litva naziri: Mədəniyyətə sərmayə qoyan ölkə investisiyalar üçün cəlbedicidir
Vilnüs, 20 may, AZƏRTAC
Litvanın mədəniyyət naziri Şarunas Birutis mayın 18-19-da Bakıda keçirilən üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib. Mədəniyyətlərin və sivilizasiyaların dialoquna dair əsas məsələlərin müzakirə olunduğu bu foruma dünyanın müxtəlif ölkələrindən yüksək vəzifəli siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, alimlər, intellektual elitanın nümayəndələri və ekspertlər gəliblər.
AZƏRTAC Litvanın ELTA İnformasiya Agentliyinə istinadla xəbər verir ki, forumda Litva mədəniyyət siyasətini fəal inkişaf etdirən bir ölkə kimi təqdim olunub. Mədəniyyət naziri Ş.Birutis Litvanın mədəniyyət siyasətinin əsas istiqamətlərini təqdim edib, mədəniyyətin horizontal prioritet kimi dövlət iqtisadiyyatının və sosial-maddi rifahın yüksəlməsinə təsirini xüsusi vurğulayıb. O, həmçinin gələcək nəsillər üçün mədəniyyət və xidmət infrastrukturuna ölkənin və Aİ-nin struktur fondlarının investisiyalarının əhəmiyyətli olduğunu qeyd edib.
Ş.Birutisin sözlərinə görə, mədəniyyətə sərmayə qoyan ölkə digər sektorlara yerli və xarici investisiyalar üçün cəlbedicidir. Belə bir ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri dialoq qurur və ölkənin gələcəyini birlikdə yaradırlar.
Nazir mədəniyyətlərin əməkdaşlığının gözəl nümunəsinə - yaxınlaşmaqda olan Avropa Oyunlarına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs