Litva Seymi Xocalı soyqırımı ilə əlaqədar müraciət qəbul edib
Vilnüs, 24 fevral, AZƏRTAC
Xocalı faciəsinin 23-cü ildönümü ərəfəsində Litva Seymi erməni silahlı dəstələri tərəfindən Azərbaycanın bu şəhərində törədilmiş soyqırımı ilə əlaqədar müraciət qəbul edib. 51 deputatın imzaladığı sənəddə qeyd edilir ki, Xocalı soyqırımı öz qəddarlığına görə XX əsrin ən dəhşətli faciələrindən biridir. Xocalı şəhərinin faciəsi dünya KİV-lərində geniş işıqlandırılıb və “Human Rights Watch” kimi beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən pislənilib. Bununla bərabər, dünya birliyi həmin cinayətə hələ də adekvat qiymət verməyib.
Litva Seyminin deputatları Xocalı qırğınını insanlığa qarşı cinayət kimi qiymətləndirərək Azərbaycan dövlətinə və Azərbaycan xalqına başsağlığı verirlər.
Müraciətdə qeyd edilir ki, Litva Respublikası Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Seymin deputatları təcavüzkar qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması çağırışı ilə çıxış edirlər.
Qeyd edək ki, Xocalı faciəsinin kütləvi qırğın kimi tanınması bu qanlı faciəni törətmiş cinayətkarların cəzalandırılmasında və bütövlükdə XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınmasında bir mərhələ ola bilər.
Onu da qeyd etmək lazımdır ki, müraciəti imzalamış deputatlardan 26-sı hakim koalisiyada çoxluq təşkil edən Sosial-Demokrat Partiyasının üzvləri, qalan deputatlar isə “Vətən İttifaqı” - Xristian Demokratlar Partiyasının üzvləri və hakim koalisiyanı təmsil edən digər deputatlardır.
Müraciət Litva Seyminin internet səhifəsində yerləşdirilib:
http://www3.lrs.lt/pls/inter/w5_show?p_r=618&p_d=154855&p_k=1
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs