LİVİYA MƏHKƏMƏSİ BOLQAR TİBB BACILARININ APELYASİYASINA BAXILMASINI TƏXİRƏ SALDI
Məhkəmənin sədri Əli əl-Əlouss bu qərarı belə izah etmişdir: “Məhkəmə müttəhimlərin vəkillərinə yeni müdafiə qurmaq üçün vaxt verməyi qərara almışdır”.
Qərar çoxları üçün gözlənilməz olmuşdur. İctimaiyyətin fikrincə, məhkəmə ya ölüm hökmünü təsdiqləməli, ya da yeni təhqiqat təyin etməli idi. Yoluxmuş uşaqların valideyn və qohumları polisləri daşa tutmuş və dinləmədə iştirak etmiş avropalı diplomatları məhkəmənin binasından bayıra buraxmamışlar. Onlar birağızdan qışqırmışlar: “Uşaqların qatillərinə ölüm cəzası verilsin!”.
Lakin öz vətəndaşlarının təqsirsizliyinə əmin olan Bolqarıstan hökuməti ümid edir ki, işə yenidən baxılması tibb işçilərinə bəraət almağa imkan verəcəkdir. Bundan başqa, Bolqarıstan hökuməti İÇV-yə yoluxmuş uşaqların ailələrinə kompensasiya ödəməkdən imtina edərək bildirmişdir ki, bu, tibb bacılarının təqsirli olduğunu etiraf etmək demək olardı.
Xatırladaq ki, 1997-ci ildə Liviyanın şərqindəki “Al-Fatih” xəstəxanasında 426 uşaq və onların anaları qan köçürülməsi və peyvəndləmə zamanı immunçatışmazlığı virusuna yoluxmuşdur. İki il sonra bu cinayətin törədilməsinə dair ittihama əsasən beş bolqar tibb bacısı və fələstinli həkim həbs olunmuşdur. İttiham bildirmişdir ki, onlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və İsrailin “Mossad” kəşfiyyat təşkilatının göstərişləri ilə hərəkət etmişlər. Keçən ilin mayında bu tibb işçiləri güllələnməyə məhkum olunmuşlar. Lakin hökm oxunduqdan dərhal sonra apelyasiya verərək bildirmişlər ki, onlardan ifadələr işgəncələr altında alınmışdır.