Liviyada 20 Yanvar faciəsinin 22-ci ildönümü anılmışdır
Bakı, 22 yanvar (AZƏRTAC). Azərbaycanın Liviyadakı səfirliyi 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, faciənin ildönümü ilə bağlı Liviyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə, aparıcı mətbu orqanlarına, ölkədəki diplomatik nümayəndəlik və konsulluqlara ərəb və ingilis dillərində mətbuat məlumatları göndərilmişdir.
Eyni zamanda, səfirlik Liviyanın aparıcı kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi ilə bağlı məlumatların geniş yayılmasını təmin etmişdir. Ölkənin aparıcı mətbu orqanları olan “Libya Əl-Cədidə” qəzetində “Azərbaycan xalqı azadlıq uğrunda mübarizənin ildönümünü qeyd edir”, “Əl-Biləd” qəzetində “Azərbaycan Respublikasının səfirliyi Qara Yanvar faciəsinin ildönümünü qeyd edir”, “Qurina Əl-Cədidə” qəzetində “Unudulmayan qanlı gecə... 20 Yanvar - ağrılı Bakı faciəsini anma günüdür” (http://qurynanew.com/?p=27677) başlıqlı məqalələr dərc olunmuşdur.
Bu məqalələrdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin mahiyyətindən danışılmış, həmin tarixin Azərbaycan xalqının azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğu qeyd edilmişdir. Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada bəyanatla çıxış edərək sovet qoşunlarının Azərbaycan xalqına qarşı təcavüzünü kəskin şəkildə pislədiyi vurğulanmışdır.