Londonda 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Londonda fəaliyyət göstərən “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzində 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə mərkəzin və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə anma mərasimi keçirilmişdir.
Tədbirin əvvəllində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi giriş sözü ilə açan “Azərbaycan Evi” Mədəniyyət Mərkəzi idarə heyətinin sədri Əli Təkin Atalar faciə və onun tarixi əhəmiyyəti ilə bağlı mülahizələrini bölüşmüşdür. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəni Azərbaycanın müstəqilliyinin bərpası prosesinin başlanğıcı, sovet imperiyasının süqutunu tezləşdirən hadisələrdən biri kimi səciyyələndirmişdir.
Mərasimdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov həmin günün xalqımız üçün həm faciəvi, eyni zamanda, şərəfli gün olduğunu diqqətə çatdırmışdır. Diplomat qanlı hadisələrin Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə əzmini qıra bilmədiyini, bir il sonra, 1991-ci ildə öz istiqlalını yenidən əldə edən ölkəmizin bu gün beynəlxalq aləmdə layiqli yer tutduğunu bildirmişdir. O, xalqımıza qarşı törədilən cinayətin heç zaman unudulmayacağını, şəhidlərimizin xatirəsinin hər il Azərbaycanın hər yerində olduğu kimi, ölkəmizdən kənarda yaşayan həmvətənlərimiz tərəfindən də dərin ehtiramla yad edildiyni demişdir.
Səfir ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə 20 Yanvar hadisələrinə layiqli siyasi-hüquqi qiymət verildiyini, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırmışdır. F.Qurbanov bundan sonra da faciə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılacağına əminliyini ifadə etmişdir.
Çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı videomateriallar, fotoşəkillər nümayiş etdirilmişdir. Filmdə zirehli texnikanın köməyi ilə dinc əhaliyə qarşı törədilmiş qətliam səhnələri əks olunmuşdur.
Sonda tədbir iştirakçıları 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparmışlar.
Tədbirdə Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri, Britaniya ictimaiyyətinin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Londonda fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, səfirliyin əməkdaşları iştirak etmişlər.