MƏDƏNİYYƏT
Lüksemburq “Beynəlxalq Bazarı”nda Azərbaycan stendi diqqəti cəlb edib
Lüksemburq, 29 noyabr, AZƏRTAC
Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşkilatçılığı ilə “Lüksemburq Beynəlxalq Bazarı”nda ölkəmiz böyük stendlə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın böyük bayrağı ucaldılan stendimiz ziyarətçilərin diqqətini daha çox cəlb edib.
Qala divarları formasında qurulmuş və milli ornamentlərlə bəzədilmiş stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş olunub və ziyarətçilərə hədiyyə edilib. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verib. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizi təşviq edən video yayımlanıb.
“Lüksemburq Beynəlxalq Bazarı”nda ziyarətçilərə “Made in Azerbaijan” brendi məhsulları, təravətli çaylar, meyvə şirələri, nar şirəsi, quru meyvələr təqdim olunub. Lüksemburqluların Milad bayramı ərəfəsində keçirilən bazardan yaxınları üçün hədiyyələr almaq imkanı olub.
Qeyd edək ki, ölkəmiz artıq yeddinci “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunur. Multikulturalizm mühitində fəaliyyət göstərən bu bazar xeyriyyəçilik məqsədilə keçirilir, əldə edilən gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.
Azərbaycan stendi haqqında yerli RTL radiosunda da məlumat verilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq